Fransadakı Ərəb İrsi Mədəniyyət Mərkəzi Misirin “Nefertiti Media Produktion” şirkəti ilə birgə keçirdiyi sorğunun nəticələrinə əsasən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı ilin şəxsiyyəti və 2014-ci ilin dünyanın ən nüfuzlu xanımı elan edib.
Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, sorğu Fransada və Ərəb dünyasında tələbələr, jurnalistlər və internet istifadəçiləri arasında keçirilib. Sorğuya hökumət başçısı, böyük müəssisələrin və xeyriyyəçi təşkilatların rəhbərləri olan xanımların adları salınıb.
M. Əliyeva bu ada UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə, mədəniyyətin və beynəlxalq mübadilənin təbliğinə, elm, sağlamlıq, idman, təhsil, ətraf mühit sahəsindəki nailiyyətlərinə, Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, kimsəsiz uşaqlara qayğı və digər xeyirxah xidmətlərinə görə layiq görülüb.