Kənd haray çəkİr Редактордин гаф  |  9(303) 2016  |  
     Bu günlərdə məktəb yoldaşım redaksiyamıza gəlmişdi. Deyib-gülən, yaraşıqlı, boy-buxunlu gənc kimi yaddaşıma həkk olunmuş bu adamı çox çətinliklə tanıya bildim. Kökəlmiş, dişləri seyrəlmişdi. Əslində məni təəccübləndirən tanışımın təkcə zahiri görkəmi deyildi: sanki onun həyat eşqi də sönmüşdü. Onun institutu bitirib qonşu rayona köçdüyünü, orada evlənib ev-eçik sahibi olduğunu bildiyimə görə soruşdum:
     - Qonşu rayonda möhkəm lövbər salmalı oldun?
     O, köks ötürdü:
     - Eh, başıma o qədər işlər gəldi ki! Evimi satıb Bakıya köçmüşəm.
     - Bakıda ev almısan?
     - Yox, kirayədə yaşayırıq: mən, yolda­şım, iki oğlum bir göz evdə oluruq.
     - Uşaqları evləndirməmisən?
     - Necə evləndirim? Ali təhsil alıb evdə oturublar. Heç birimiz işləmirik.
     - Bəs necə dolanırsınız?
     - Mənim və yoldaşımın təqaüdü ilə başımızı girləyirik.
     - Kənddə o cür ev-eşiyiniz, bağınız var...
     - Elədir. Amma atamla anam vəfat edəndən bəri kənddən soyuduq.
     O, stolumun üstündəki almaları göstərib dərindən köks ötürdü:
     - İndi kim bilir bağımda nə qədər meyvə var.
     Bu yerdə mən özümü saxlaya bilmədim:
     - Sənin soyuqqanlılığına heyrət edirəm. Dədə-baba yurdunu qoyub şəhərdə gözünə yuxu necə gedir?
     - Kənddə şərait var ki? - O, sualıma sualla cavab verdi.
     - Dörd adam bir evdə rahatlıq yarada bilmirsiz? 30 sot bağınızın meyvəsini satsanız, gör nə qədər pul eləyir.
     - Uzaqdan döyüş asan gəlir.
    Qonağım kürəyini yerə vurmaq istəmirdi. Məni isə onun biganəliyi sarsıdırdı.
    - Neçə ildir Bakıdasınız?
    - Beş.
    - Bu beş ildə əl-ələ verib kənddə gülzar yaratmışdınız.
    - Nə ilə? - O, əllərini yana açdı. Onun böyük bədəninə yaraşmayan ağappaq, qız əllərinə bənzər incə əllərini görəndə biixtiyar öz əllərimə baxdım. Sağ ovcumdakı qabar yerləri aydın görünürdü. Bunları iki gün əvvəl rayondakı bağımızda çalışıb qazanmışdım. Bir öz əllərimə, bir qonağın əllərinə baxıb heç nə demədim. Gözlərim qarşısında boşalmış kəndləri­miz, qapılarından qıfıl asılmış evlər, meyvəsi qurd-quşa yem olan bağlar canlandı. Dağların qoynunda, meşələrin ətrafında, min cür gözəlliklərin əhatəsində salınmış, son illər sakinlərinin etinasızlığı ucbatından nəzərdən salınmış yurd yerlərimizin harayı titrətdi məni. Əcdadlarımızın ruhu uyuyan doğma torpağın harayı...