Dağıstanlı şairin mədhi Redaksiyaya məktub  |  6(343) 2020  |  Məhəmməd ŞABANOĞLU,
    Tariximizə xeyirxah bir insan kimi adını yazan məşhurlarımızdan biri də Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevdir. Bənnaların yanında adi fəhlə işləmiş bu insan milyonçu olduqdan sonra da öz insani xüsusiyyətlərini saxlamışdır. Təkcə Azərbaycanda yox, Rusiyada, İraqda və başqa ölkələrdə də məscidlər tikdirmiş, imkansızlara əl tutmuşdur. Mən bu mötəbər insan haqqında çox yazmışam. Çalışdığım “Zaqatala” qəzetində dərc olunan onun haqqında yazılarımda çalışmışam ki, oxuculara bu insan haqqında naməlum faktları çatdırım. Məsələn, Zaqatala rayonundakı Tala kənd məscidinin üstünü örtmək üçün pulsuz olaraq ağ dəmir göndərməsi, Bakı məktəbliləri üçün pulsuz olaraq dərsliklər nəşr etdirməsi və sairə bu kimi faktlar ilk dəfə mənim yazılarımda qeyd olunub. 
    Bir dəfə evimdəki qədim kitabları vərəqləyirdim. Çox da qalın olmayan bir kitabı nəzərdən keçirərkən təəccüb etdim ki, uzun müddət kitablarımın arasında özünə yer alan bu kitaba indiyə qədər diqqət yetirməmişəm. Ərəb dilində olan bu kitab 1913-cü ildə Dağıstanda, Temirxan-Şura (İndiki Buynaksk) şəhərində, o dövrün məşhur bir mətbəəsində çap olunub. Həmin mətbəənin sahibi Məhəmməd Mirzə Mavrayev adlı bir şəxs olmuşdur. O dövrün bir çox müəllifləri öz əsərlərini burada nəşr etdirmişlər. 
Haqqında danışdığım kitab “Xəmsu Qəsaid” adlanır (yəni “Beş qəsidə”). Bunu “Beş poema” kimi də anlamaq olar. Burada müxtəlif mövzulara həsr olunan 5 poema çap olunub. Çox da geniş olmayan bu əsərlər ərəb dilindədir. Maraqlısı isə budur ki, bu beş qəsidənin biri Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevə həsr olunub. Qəsidənin başlanğıcında belə bir qeyd var: “Hacı Zeynalabdin əl Bakuvinin mədhi”. Qəsidə 20 beytdən, yəni 40 misradan ibarətdir. Həmin misralarda məşhur milyonçunun ünvanına xoş sözlər deyilir və onun Dağıstanda gördüyü xeyirxah işlərdən bəhs olunur. Məlum olur ki, H.Tağıyev Dağıstanda fabriklər tikdirmiş, rus dilli məktəblər açdırmış, bəzi məktəblərə texniki vəsait almaqda kömək etmişdir. Qeyd olunur ki, H.Tağıyevin vəsaiti ilə ucqar kəndlərdə məktəblər açılıb. 
Qəsidənin son iki misrasının tərcüməsi belədir:
    “Ey Kahi, dediklərin yetər, sözünü qısa et, uzun danışmaqla şanlı insanları bezdirə bilərsən.”
    Kitabdakı beş qəsidədən biri “Əkinçi” qəzetinin dağıstanlı müxbiri, böyük alim Həsən Əlqadari haqqındadır. Qalan üç qəsidə müxtəlif mövzulara həsr olunub. “Beş qəsidə”nin müəllifi isə Məhəmməd əl-Kahi adlı bir şairdir. 
    Mən bu kitabla tanış olanda, milyonçu həmyerlimizin adına rast gələndə iftixar hissi duydum, bu hissi oxucularımızla bölüşmək istədim və bunu etdim. 
 
Məhəmməd ŞABANOĞLU,
yazıçı-jurnalist,
Zaqatala rayonu, Tala kəndi