Sizə minnətdaram Redaksiyaya məktub  |  5(350) 2021  |  Abdulla QUBALI
    Hörmətli redaksiya! Gələn ilin yanvar ayında “Samur” qəzetinin oxucularla ilk görüşünün 30 ili tamam olacaq. Mən isə 27 ildir ki, ləzqi xalqının sevimli mətbu orqanının təəssübkeşi və təbliğatçısıyam. 1997-ci ildən, yaradıcılıqlarına hörmət bəslədiyim qələm sahibləri Sədaqət Kərimova və Müzəffər Məlikməmmədov məzmun və tərtibat baxımından yeniləşmiş “Samur”u çap etməyə başladıqları vaxtdan redaksiya ilə əlaqələrim möhkəmlənib, qəzet mənə daha da doğmalaşıb. Bu mətbu orqanda mənim haqqımda yazılar verilib, məqalələrim dərc olunub. Hər dəfə redaksiyaya qədəm basanda onun əməkdaşlarından hörmət və izzət görmüşəm. Bütün bunlara görə “Samur”un kollektivinə minnətdaram.
    Əslən Azərbaycanın Quba rayonunun Qrız kəndindən olan atam Böyük Vətən müharibəsi qurtardıqdan sonra vətəninə qayıda bilməyib və Türkiyədə mühacir həyatı yaşayıb. Mən Qars şəhərində anadan olmuşam. Ərzurum şəhərindəki Atatürk Universitetinin ədəbiyyat fakültəsini bitirmişəm. Həm ədəbiyyat müəllimi, həm də jurnalist kimi fəaliyyət göstərmişəm. Atam kimi mən də həmişə vətən həsrəti çəkmişəm. Ona görə də bir neçə dəfə Azərbaycana gəlib doğma Qrız kəndinə getmişəm. Hər səfərim zamanı “Samur” qəzetinin redaksiyasında olmuşam. 
    “Samur”a ən böyük minnətdarlığım odur ki, qəzetin səhifələrindən ləzgi xalqının və ləzgidilli xalqların, o cümlədən qrızların tarixini, mədəniyyətini, adət-ənənələrini öyrənmişəm. Qəzetin əməkdaşları mənə doğma xalqı, doğma dili qəlbən sevməyi, onlardan ürək yanğısı ilə yazmağı öyrətdilər. Onlar məndə Azərbaycanın bütün xalqlarına – azərbaycanlılara, ləzgilərə, avarlara, qrızlara və başqalarına qarşı böyük sevgi oyatdılar. Beləliklə mən Türkiyənin qəzet və jurnallarında bu xalqlar, həmçinin ləzgilər haqqında məqalələrlə çıxış etməyə başladım. Nəhayət, Sədaqət Kərimovanın “Hal” romanını, “Bir yaz gecəsi”, “Qürub”  povestlərini və “Soyuq günəş” pyesini türkcəyə çevirib 2017-ci ildə bu əsərlərdən ibarət “Lezgiye” kitabını çapdan buraxdırdım. 
    Qəzetin səhifələrində dərc olunan tarixi materialları həmişə həvəslə oxuyuram. Eyni zamanda Müzəffər Məlikməmmədovun ləzgilərin yenilməz sərkərdəsi haqqında yazdığı “Hacı Davud” kitabı diqqətimi çəkdi. Həmin kitabdan bəzi parçaları türkcəyə çevirib Türkiyədə nəşr olunan “Dağıstan” jurnalı vasitəsilə oxuculara çatdırmışam. Hazırda bu kitabın tərcüməsini bitirməkdəyəm. 
    “Samur” qəzetində dərc olunan məqalələr, onun jurnalistlərindən öyrəndiklərim, nəhayət, daha məsuliyyətli bir işin öhdəsindən gəlməkdə köməyimə çatdı. Həm qəzetin materialları,  həm də bir sıra ləzgi tarixçiləri və jurnalistlərindən aldığım məlumatlar əsasında türk dilində “Lezgiler ve Lezgistan” adlı kitabı yazdım və bu il çapdan buraxdım. Mübaliğəsiz deyə bilərəm ki, bu işdə “Samur” qəzetindən daha çox yararlanmışam. O, mənim üçün böyük məktəb rolunu oynayır. 
    Bütün bunları yazmaqla yanaşı oxuculara müraciət etmək istəyirəm: “Hörmətli “Samur”un oxucuları, bu qəzeti daha çox sevin, yaşadın. Onun 50 və 100 illiklərini qeyd etmək nəsibiniz olsun. “Samur” ləzgi xalqının tarixində böyük hadisədir. Xalqın görən gözü, döyünən nəbzi, sözünü deyən dilidir”.
    Hörmətli redaksiya! Qəzetin 30 illik yubileyinin keçiriləcəyi günü səbirsizliklə gözləyirik. Dəvət olunsaq, Türkiyə ləzgilərinin nümayəndəsi kimi həmin tədbirdə məmnuniyyətlə iştirak edərik.
 
Abdulla QUBALI,
Türkiyənin İzmir şəhəri