
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. O, 1977-ci ildə Bakıda orta məktəbi bitirmiş, 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olmuş, oranı bitirdikdən sonra 1982-ci ildə həmin institutun aspiranturasına daxil olmuş, 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmış, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.
1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.
1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın büro üzvü seçilmişdir.
2003-cü il avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir. Evlidir. Üç övladı, iki nəvəsi var.