Sumağallı məktəbinin uğurları "Самурдин мектеб"  |  10(269) 2013  |  

     2012-2013-cü dərs ili də İsmayıllı rayonu Sumağallı kənd tam orta məktəbi üçün uğurla başa çatdı. Bu il məktəbi 11 nəfər məzun bitirdi. Mərkəzləşmiş qaydada keçirilmiş buraxılış imtahanlarını məzunlar müvəffəqiyyətlə verdilər. Xüsusən də riyaziyyat fənnindən göstəricilər yüksək oldu. Bu fənndən 4 nəfər “əla”, 6 nəfər “yaxşı”, yalnız bir nəfər “kafi” qiymət aldı.
     11 nəfər məzundan 10 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verdi. Onlardan 9 nəfəri 1-ci  ixtisas qrupunu, 1 nəfəri isə 3-cü ixtisas qrupunu seçdi. I ixtisas qrupuna sənəd verən məzunların hamısı ali məktəblərə qəbul olundu: Araz Mirzəyev və Şamil Babayev Azərbaycan Dəniz Akade-miyasına, Tamerlan Abbasov, Ülvi Yaqubov, Yelmar Süleymanov, Tərlan Kərimov və Emin Əlizadə Azərbaycan Dövlət Texniki Universitetinə, Ləyaqət Davidov Sumqayıt Dövlət Universitetinə, Dəmir Xancalı Anadolu Universitetinə. Fərqanə Xəlilova Rabitə və Nəqliyyat Kollecinin tələbəsi olub, Əlağa Məmmədov isə onillik təhsil bazasından İnşaat kollecinə qəbul olunub.
Bu uğurların qazanılmasında məktəbimizin müəllim kollektivinin müstəsna xidmətləri var. İsmayıllı rayon təhsil işçilərinin konfransında Sumağallının fədakar müəllimlərinin əməyi yüksək qiymətləndirilmişdir. Asif Seyidov, Rza Salahov, Esmira Cahangirova, Arzu Mirzəyeva belə müəllimlərdəndir. Konfransda Azərbaycan müəllimlərinin XI qurultayına nümayəndələr seçilmişdir. Seçilmiş 7 nümayəndədən biri məktəbin fizika müəllimi Arzu Mirzəyevadır.

Ülkər Mİrzəyeva,
İsmayıllı rayonu Sumağallı kənd tam orta məktəbinin XI sinif şagirdi