"Самурдин мектеб" | 9(280) 2014


Yeni dərs ilinin başlanğıcı ərəfəsində əslən Qusar rayonunun Yuxarı Zeyxur kəndindən olan “Samur” qəzetinin sadiq dostu Məryəm Əlibəyova redaksiyamıza gəlmişdi. O, bizə söhbət etdi ki, qardaşı oğlu Abugül Əlibəyov bu il 9-cu sinfi əla qiymətlərlə bitirib.
Yayda Bakıya, bibilərinin yanına qonaq gələndə onlar Abugülə şəhərdə qalıb 10-11-ci sinifləri burada oxumağı təklif ediblər. Abugül razı olmayıb. 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Yuxarı Zeyxur kəndində inşa edilən məktəbdə hər cür şərait olduğundan və başda direktor Hikmət Ağacanov olmaqla məktəbin savadlı müəllim kollektivi olmasından fəxrlə danışıb. Bunu da əlavə edib ki, bu məktəbə qonşu kəndlərdən də oxumağa şagirdlər gəlir.
Məktəb institutlara qəbul olan abituriyentlərin sayına görə nəinki rayonda, eyni zamanda respublikada öncüllərdən sayılır. “Bizdə ayrıca repetitor tutmağa ehtiyac yoxdur, müəllimlərimiz şagirdlərə savad öyrətməkdən ötrü bütün güclərini sərf edirlər. Belə məktəbi qoyub başqa yerə getmək olar?” deyə Abugül fəxrlə əlavə edib.
Bibiləri onunla razılaşıblar və bir vaxtlar özlərinin təhsil aldıqları bu məktəbdə savadlı müəllimlərin çalışdığını etiraf ediblər. Belə olmasaydı, təkcə onların ailəsindən 3 nəfər Azərbaycan Dövlət Neft Akademiyasını bitirməzdi. Abugülün atası Məhəmməd də, bibiləri Məryəm də, Aidə də oranın məzunlarıdır.
Abugül Bakıda, ziyalı ailədə anadan olub. Valideynləri kənddəki ata yurdları – Abdulrəşid müəllimlə Mahixanımın qurduqları ev boş qalmasın deyə kəndə yaşamağa gediblər.
Şəhərdə doğulub boya-başa çatan, neft şirkətlərindən birində iqtisadçı işləyən Abugülün anası Tahirə xanım kənd həyatına tez alışıb və elin hörmətini qazanıb. Kənddən çıxıb kəndi bəyənməyən bəzilərindən fərqli olaraq, o, bu qüruru övladına da təlqin edib.
Yeni dərs ili münasibətilə Yuxarı Zeyxur kənd orta məktəbinin bütün müəllimlərini və şagirdlərini təbrik edib onlara can sağlığı və müvəffəqqiyyətlər arzu edən Məryəm xanım doğma məktəbi üçün sevicini və iftixarını bizimlə səxavətlə bölüşdü.

Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий