"Самурдин мектеб" | 3(286) 2015


Martın 9-da Qusar rayonunun Hil və Bədirqala kəndlərində Təhsil Nazirliyi tərəfindən yeni inşa olunmuş ümumtəhsil məktəblərinin açılışı olub.
Açılış mərasimlərində təhsil naziri Mikayıl Cabbarov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və yerli sakinlər iştirak ediblər.
Öncə təhsil naziri Mikayıl Cabbarov Qusarın mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Hil kənd ümumtəhsil məktəbinin rəmzi açılışını bildirən qırmızı lent kəsilib və qonaqlar təhsil müəssisəsi ilə tanış olublar.
180 şagird yerlik yeni məktəbin 11 sinif otağı, 2 laboratoriyası, 2 əmək təlimi otağı, gənclərin çağırışaqədər hazırlığı otağı, kompüter otağı, müəllimlər otağı, tibb məntəqəsi, bufeti, kitabxanası, akt zalı və idman zalı var. Videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib, qazanxana istifadəyə verilib.
Məktəbin akt zalında müəllimlər, valideynlər və kənd sakinləri ilə keçirilən görüşdə təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə aparılan təhsil islahatları haqqında məlumat verib. Nazir bildirib ki, son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Bu isə ölkə rəhbərinin təhsilə olan xüsusi qayğısını əks etdirir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxışında yeni məktəblərin inşasının təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir etdiyini vurğulayıb, ölkəmizdə bu sahədə aparılan işlərin rayon sakinləri tərəfindən təqdir edildiyini bildirib.
Sonra çıxış edən məktəbin müəllimləri yeni inşa olunmuş tam orta məktəbin kənd ictimaiyyəti üçün böyük hədiyyə olduğunu bildiriblər.
Qusar rayonunun Bədirqala kəndində ümumtəhsil məktəbinin yeni binasının açılışında məlumat verilib ki, 1947-ci ildə tikilmiş əvvəlki birmərtəbəli məktəb binası yararsız vəziyyətə düşdüyündən ötən il Təhsil Nazirliyi tərəfindən köhnə məktəb binasının yerində yenisinin inşasına başlanılıb və tikinti nəzərdə tutulan müddətə başa çatdırılıb.
Mərasim iştirakçıları məktəbdə şagirdlər üçün yaradılan şəraitlə tanış olub, siniflərə, idman zalına, laboratoriyaya baxıblar. Yeni məktəbdə 11 sinif otağı, 1 ümumi laboratoriya, kompüter otağı, müəllimlər otağı, texniki otaq, bufet, akt zalı, idman zalı mövcuddur. Binada videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib, qazanxana tikilib.
Sonra akt zalında müəllimlər, valideynlər və yerli sakinlərlə görüş keçirilib. Təhsil naziri Mikayıl Cabbarov bu bayram günlərində ikiqat sevinc hissi yaşayan kənd sakinlərini təbrik edib. Məktəbin müəllim kollektivi və kənd sakinləri yeni məktəb binasının tikintisini kəndin ictmai həyatında əlamətdar tarixi hadisə adlandıraraq dövlətimizin təhsilə qayğısını yüksək qiymətləndiriblər.



Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий