Görkəmli alim
Чи сейлибур  |  11(305) 2016      
     Hündür təpənin üstündə yerləşmiş, dağların və meşələrin üzük qaşı kimi əhətə etdiyi Əcəxür kəndi  Qusar rayonunun bənzərsiz guşələrindən biridir. Öz gözəllikləri və münbit torpaqları ilə bu kənd qədim zamanlardan yadellilərin diqqətini cəlb edib. Bura kimlərin ayağı dəyməyib? Xəzərlərin, monqolların, ərəblərin, farsların hücumlarına məruz qalan əcəxürlülər öz vətənlərini qan­ları və canları hesabına qoruyub saxlaya bilmişlər. Bir neçə dəfə dağıdılmış, yeri dəyişmiş kənd yenidən öz qədim yerində salınmışdır. Bu kənd həmin tarixləri qoynundakı bir neçə mərtəbəli qəbiristanlıqda, buradakı minlərlə qəbir daşlarında, bir də ləzgi xalqının folklorunda – mahnı və dastanlarda, rəvayət və əfsanələrdə saxlayıb.
     Bu kəndin adı VIII əsrin məşhur tarixçisi Moisey Kalankatuylunun “Alban tari­xi” kitabına düşüb. X əsrin dəyərli tarixi əsərlərindən biri sayılan “Abumüslümün tarixi”ində də kənd haqqında maraqlı məlumatlar verilir. Onlardan birində deyi­lir: “Abumüslümün nəslindən olan Xalid Əcəxürdə, Ramaldan isə Ünüğdə (Qusarda kənd) məskən saldılar”. 
     Əcəxürün əhalisi oxumağa, təhsil almağa böyük marağı ilə həmişə seçilib. XVII- XVIII əsrlərdə Əcəxür Quba mahalının dini mərkəzlərindən biri sayılırdı. Bura dini təhsil almağa Quba, Müşkür, Axtı, Qurah mahallarından insanlar gəlirdi. XIX əsrdə buradakı Zəkəriyyə Əfəndinin mədrəsəsində təhsil alanların sayı yüzdən artıq idi. Mədrəsədə islam dini ilə yanaşı dünyəvi elmlərin tədrisinə də diqqət yetirilirdi. Sonralar onun oğlu, İraqın və Türkiyənin dini universitetlərində təhsil almış mütərəqqi fikirli alim Cami Əfəndi öz xərci ilə kənddə dünyəvi məktəb açmış, burada kasıbların da oxumasından ötrü hər cür şərait yaratmışdı. 1913-cü ildə onun Bakıda nəşr etdirdiyi ”Şəriətül-islam” kitabı  məktəblər və mədrəsələr üçün nəzərdə tutulmuş maraqlı dərs vəsaiti idi və yaxşı əks-səda yaratmışdı. Buna görə də kitab təkrar çap olunmuşdu. 
     Cami Əfəndinin tələbəsi, Bakıda ali təhsil almış Mehman Abdullayev öz müəlliminin yolunu davam etdirərək, sovet dövründə kənddə məktəb açanlardan və bu məqsədlə bina tikdirənlərdən biri oldu. Xalqın balalarına savad öyrətməkdən ötrü var qüvvəsi ilə çalışan bu elcanlı və vətənpərvər insan öz fədakar əməyi müqabilində mükafat almaq əvəzinə “xalq düşməni” damğası vurularaq sürgünə göndərildi və qürbətdə vəfat etdi. İndi Əcəxür kənd məktəbi onun adını daşıyır. Bu gün həmin məktəbin yetirmələri olan 10 elmlər doktoru, 30 elm­lər namizədi Azərbaycanın, Dağıstanın və Rusiyanın müxtəlif yerlərində fəaliyyət göstərirlər. 
     Mehman Abdullayev repressiyaya məruz qalanda onun 5 övladından ən kiçiyi olan Kamal yeddi aylıq körpə idi.  Övladlarına həm atalıq, həm də analıq edən Xansənəm onları zəhmətkeş və vicdanlı vətəndaşlar kimi böyüdüb tərbiyə verdi. Onun oğullarından ikisi bu ailənin şöhrətini nəinki Azərbaycana, ondan da uzaqlara yaydı. Atasının adını özünə tə­xəllüs seçən Asəf Mehman adlı-sanlı ləzgi şairi və bəstəkarı kimi sevildi. Onun şeirlərini xalq əzbərdən deyir, mahnıları dillərdə dolaşır. Texnika elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi Kamal Abdullayev isə müasir energetika elminin aparıcı mütəxəssislərindən biri hesab olunur. 
Kamal Mehman oğlu Abdullayev 1936-cı ildə Qusar rayonunun Əcəxür kəndində anadan olmuşdur. 1961-ci ildə o, Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, “Azərenerji” idarəsində mühəndis-energetik vəzifəsinə işə düzəlmişdir. 10 il həmin idarədə şöbə müdiri vəzifəsində çalışmışdır. Aspiranturaya daxil olan K.Abdullayev        1966-cı ildə dissertasiya müdafiə edib, texnika elmləri nami­zədi elmi dərəcəsini almışdır. 
     1978-ci ildə Moskvanın Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun müdafiəsində iştirak edən opponentləri energetika elminə olduqca istedadlı bir alimin gəldiyini etiraf etmişlər.
     K.Abdullayev 300-dən çox elmi əsərin, xarici ölkələrdə çap olunmuş 6 monoqrafiyanın, istilik energetikasına dair Azərbaycan dilində ilk dəfə çapdan çıxmış 10 dərsliyin, 20-dən çox elmi axtarışın müəllifidir.
     Son illər elmdə qazandığı nailiy­yətlərə görə o, Respublika Təhsil Nazirliyinin keçirdiyi Həsən Əliyev adına müsabiqənin qalibi olmuşdur. Bir neçə elmi əsərinə görə o, hələ Sovet dövründə XTNS-nin qızıl və gümüş medallarına layiq görülmüşdür. SSRİ Elm və Texnika Komitəsi tullantı sularından energetikada istifadə olunması sahəsində onun kafed­rasını ölkənin baş təşkilatı elan etmişdir.
     Uzun illər respublikanın energetika sistemində baş idarədə şöbəyə rəhbərlik edən K.Abdullayevin bu sahədə böyük təcrübəsi vardır. Onun elmi axtarışlarından Bakı, Sumqayıt, Xarkov, Minsk, Donbas və başqa şəhərlərin müəssisələri böyük səmərə əldə etmişdir. K.Abdullayev uzun illər dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri, Prezident yanında baş attestasiya komissiyasının ekspertlər şurasının və doktorluq dissertasiyaları şurasının üzvü olmuşdur.
     20 il Azərbaycan Dövlət Neft Akademiyasında energetika fakültəsinin dekanı vəzifəsində işləmiş K.Abdullayev 44 il fasiləsiz olaraq kafedra müdiri və laboratoriya rəhbəri olmuşdur. 
     Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2010-cu ildə alim Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Dünyanın bir neçə ölkəsinin Elmlər Akademiyasının üzvü seçilmiş Kamal Abdullayevin adı Amerikada çap olunmuş “XX əsrin məşhur alimləri” ensiklopediyasına düşmüş, ABŞ-ın “Elmin açarı” mükafatı ilə təltif olunmuşdur.
     Onun elmi əsərləri dünyanın əksər ölkələrində nəşr olunub, elmi nailliyyətləri dünyanın bir sıra elm mərkəz­ləri tərəfindən istehsalata tətbiq üçün tövsiyyə edilib. Energetikanın ekologiyası ilə bağlı axtarışları, kəşf və ixtiraları, tövsiyyələrinə görə 2000-ci ildə Sankt-Peterburq Elmlər Akademiyasının M.V.Lomonosov adına mükafatına la­yiq görülmüş Kamal Abdullayev Azərbaycanın tanınmış elm mərkəzlərindən biri olan Neft Akademiyasının hörmətli professorlarından biri kimi müəllim və tələbələrin dərin hörmət və məhəbbətini qazanmışdır. 60 nəfər elmlər namizədi, 5 nəfər elmlər doktorunu ərsəyə gətirmiş bu xeyirxah və nəcib insan başqalarının uğurlarına öz müvəffəqiyyəti kimi sevinməyi bacaran və bundan qürur duyan nadir adamlardan biridir.
      Görkəmli alimin 80 illik yubileyi bu günlərdə Azərbaycanın müxtəlif yerlərində təntənə ilə qeyd olunur. Onu ad günü münasibəti ilə təbrik edir, can sağlığı, yeni uğurlar diləyirik. 
 
Sədaqət KƏRİMOVA

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я 25 йисан женг РикIелай тефир мярекат Кьегьал Малла Агьмед
Статьи из этой рубрики
Чи дамах И словом можно вылечить Ханбиче Хаметова Сейлибурун кьилив Илимдин экуь гъед
ЦIИЙИ ТИЛИТ
№: 7(312)
август, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ