"Самурдин мектеб" | 9(325) 2018


Bir sıra tədqiqatçılar X-XIII əsrlərin ləzgi ədəbiyyatını dirçəliş ədəbiyyatı adlandırırlar. Həmin dövrlərin ləzgi ədəbiyyatı ilə əlaqədar 1179-1229-cu illərdə yaşamış ərəb tarixçisi Əbu Yusuf Yaqut əl-Həməvinin “Ölkələrin lüğəti”, XII əsr müəllifi Nasir-i Xosrounun “Səfərnamə” kitablarında, rus tarixçisi N.B.Xanıkovun “Kavkaz” jurnalının 1850-ci ilin 53-cü sayında dərc olunmuş “Arxeoloji xəbərlər” məqaləsində, V.Q.Tizenqauzenin 1894-cü ildə Sankt-Peterburqda rusca çapdan çıxmış “Qızıl Ordanın tarixinə dair materiallar külliyyatı”nda, A.N.Qenkonun 1941-ci ildə çap olunmuş “Ərəb dili və qafqazşünaslıq” məqaləsində, görkəmli şərqşünas, akademik İ.Kraçkovskinin 1948-ci ildə rusca işıq üzü görmüş “Şimali Qafqazda ərəbşünaslıq”, M.S.Saidovun “XVIII-XIX əsrlərin ərəbdilli Dağıstan ədəbiyyatı” (rusca, 1960) kitablarında və digər mənbələrdə xeyli məlumat vardır.
Həmin müəlliflər öz əsərlərində X-XIII əsrlərdə yaşamış ləzgi şairlərindən Musa ibn Yusuf ibn Hüseyn əl-Ləzgi, Sədrəddin Suleyman əl-Ləzgi, Hakim əl-Ləzgi, Əbu Fadl Xalif ibn Əli, Əbu Məhəmməd Gelxenvi, Abdulrəşid ibn Salih Ləzgi və başqaları haqqında məlumat vermişlər.
Tanınmış ləzgi alimi, görkəmli ərəbşünas, tarix elmləri doktoru, professor Amri Şixsaidovun, həmçinin Dağıstan alimi P.M.Maqomedovun qeyd etdiyimiz dövrlərin ləzgi ədəbiyyatı haqqında fikirləri də əhəmiyyətlidir. Bu fikirlər tarixi faktlara, arxeoloji materiallara, qədim kitabələrin üzərindəki yazılara əsaslanır.
Son illər Dağıstanın ərəbşünas alimləri tarixi mənbələrdən orta əsrlərin daha iki ləzgi alimi və şairinin adlarını aşkar etmişlər. Onlar XII əsrin birinci yarısında yaşamış İbrahim əl-Axtı və Abul Fərəc əd Dərbəndidir. İbrahim X əsrin sonlarında dünyasını dəyişmiş məşhur alim və yazıçı Hakim ibn Ağa əl-Axtının nəvəsidir. Abul Fərəcin yazdığı şeirlərin külliyyatı da tapılıb. Hələlik onlar haqqında ətraflı məlumat verilmir. Çünki alimlər tədqiqatları davam etdirirlər.
XI əsrdən başlayaraq ləzgi şairləri ana dili ilə yanaşı həm də ərəb dilində yazıb-yaradırdılar. Akademik İ.Kraçkovskinin yazdığına görə, ərəbcə qələmə alınmış əsərlərin əksəriyyəti doğma xalqın həyatından bəhs edən, doğma ədəbiyyatı daha da inkişaf etdirən əsərlər idi.
Aşağıda X-XIII əsrlərin ləzgi ədəbiyyatı haqqında bəzi fikirləri dərc edirik.
Hələ X əsrdə ləzgilərin ana dilində özünəməxsus ədəbiyyatı var idi. XII əsrin ləzgi ədəbiyyatı çoxlu dəyişikliklər və yeniliklərlə seçilən ədəbiyyat idi.
Amri Şixsaidov, tarix elmləri doktoru, professor, Rusiyanın və Dağıstanın əməkdar elm xadimi, Rusiya Federasiyasının Dövlət mükafatı laureatı.
X-XII əsrlərdə Cənubi Dağıstanın Yaxın və Orta Şərq ölkələri ilə əlaqələri güclənir, mədəniyyət və ədəbiyyat daha da inkişaf edir. Tezliklə yerli müəlliflərin ərəb dilində ilk əsərləri yaranır.
R.M.Maqomedov,
Dağıstan tarixi (rus dilində). Mahaçqala, 1991. Səh. 48.
XII əsrin məşhur alimi və şairi Musa ibn Yusuf ibn Hüseyn əl-Ləzgi özünün fəlsəfəyə aid əsərlərini həm nəzmlə, həm də nəsrlə yazırdı. Onun özünün poeziya məktəbi var idi və bir çox sənətkarlar ondan Şərq ölkələrinin poeziyasını öyrənirdi.
YAQUT,
IV c. səh. 324. SMOMPK, buraxılış 29.
Şafiilərin arasında hüquqşünas, alim və şair, layiqli imam, ən yaxşı insanlardan biri olan Sədrəddin Suleyman əl-Ləzgi də var.
TİZENQAUZEN V.Q.,
Qızıl Ordanın tarixinə dair materiallar külliyyatı (rus dilində). I c. SPb, 1894. Səh. 227.
Ləzgi kəndlərindən XIII əsrə aid kitabələr çox tapılıb. Qədim tarixin izlərini saxlayan bu daşların üzərində şeir və rəvayətlərdən parçalara da rast gəlinir. By yazılar həmin dövrün ləzgi şairlərinin yaradıcılığından xəbər verir.
N.B.XANIKOV,
“Arxeoloji izlər” (rus dilində). // Kavkaz №53, 1850.
XIII əsr ərəb tarixçisi Zəkəriyə əl-Qəzvini ləzgi mədrəsələri və ədəbiyyatı haqqında məlumat verib. Onun yazdığı kimi, “məşhur vəzir Nizam-ül Mülkün Dərbənddə və onun ətrafındakı kəndlərdə tikdirdiyi mədrəsələrdə ləzgi və ərəb dillərində dərslər keçilirdi”. Bundan başqa, Samur sahilindəki Saxur kəndinin mədrəsəsində ərəbcədən ləzgi dilinə tərcümə olunmuş kitablardan dərslərin keçildiyi bildirilir.
ŞERAFEDDİN EREL,
Dağıstan və dağıstanlılar. İstanbul, 1961. Səh. 211.
XIII əsrin müəlliflərindən olan məşhur Fransız səyahətçisi Rubruk yazmışdı: “Ləzgilərin öz dillərində yazdıqları çoxlu əlyazma kitabları var. Onlar bu kitabları böyük məhəbbətlə oxuyur və saxlayırlar”.
X.X.RAMAZANOV, A.R.ŞİXSAİDOV, Cənubi Dağıstan oçerkləri (rus dilində).
Mahaçqala, 1964.
X-XII əsərlərdə nəsr əsərləri əsasən tarixi hadisələrə həsr olunurdu. Onların müəllifləri həm əvvəlki dövrlərin, həm də yaşadıqları dövrün hadisələri haqqında qiymətli məlumatlar verirdilər. Belə əsrlərə “Axtınamə” (X əsr), “Abumuslümün tarixi” (X əsr), “Şirvanın və Dərbəndin tarixi” və başqa əsərləri misal göstərmək olar.
Ə.MİRZƏBƏYOV,
Ləzgi ədəbiyyatı xəzinəsindən (ləzgi dilində). Dərbənd, 2004. Səh. 5.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий