Xınalıqlılar
Dağıstan xalqları  |  4(330) 2019      
     Azərbaycanın  ən füsunkar mən­zə­rələri Quba rayonunun Qəç­rəş də­rəsindən başlanır desəm, mü­baliğə olmaz. Buranın yolları sərt döngələrdən, qorxulu aşırımlardan, baş gi­cəl­ləndirən enişlərdən və yoxuşlardan keçir. Gurultu ilə axan bol sulu Qudyal çayı, göyləri dələn nəhəng qayalar, zümrüd meşələr yol boyu adamı müşayiət edir.  Təbiətin mahir əli ilə yonulmuş bənzərsiz piramidal “heykəllərin”, xınalı daşların, ətrafa səpələnmiş al-əlvan çiçəklərin  seyrindən doymaq olmur. Sonra birdən qarşıda daha möhtəşəm bir mənzərə açılır: başı qarlı uca dağlar əzəmətli gözəlliyi ilə insanı heyrətə gətirir. Bu mənzərə düz Xınalıq kəndinə kimi uzanır. 
     Ölkəmizin ən yüksək yaşayış məskəni sayılan Xınalıq Quba şəhərindən 57 km cənub-qərbdə, Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. Bura Böyük Qafqaz dağları silsiləsinin şimalı, Qızılqaya yastanının cənub-şərq yamacı, Xınalıq dağının qarşısıdır. Xınalıq qartal kimi uca dağın başında qərar tutub. Sərt təbiəti, çətin coğrafi şəraiti olan kəndin ərazisinin böyük hissəsi alp və subalp çəmənləridir. 
     Əsrlərdən bəri ayrıca toplum halında yaşayan xınalıqlıların minilliklərə söykənən  tarixini buranın dörd tərəfindəki qədim qəbiristanlıqlar sübut edir. Kəndin köhnə məhəllələrində  salamat qalmış 150-dən çox qədim evlər, tam və ya qismən dağılmış 80-dən çox qədim evin qalıqları, uzunluğu az qala 5 kilometrə çatan  kənd küçələri bura­nın özünəməxsus arxitekturasından xəbər verir. Arxeoloqlar burada qala divarlarının qalıqlarını aşkar etmişlər.  
     Xınalıqlıların həyat tərzi ilə yaxından tanış olandan sonra belə ağır və çətin şəraitdə ayrıca etnos kimi öz varlığını qoruyub saxlayan,  doğma dillərini, adət və ənənələrini yaşadan bu xalqın öz soy-kökünə bağlılığına,  iradəsinə və mətinliyinə heyran qalmamaq olmur. 
     Xınalığın bir ərazi vahidi kimi, ətrafdan təcrid olunmuş halda yaşayan ayrıca bir xalq kimi mövcudluğu yüz illərdir alimlərin diqqətini cəlb edir. 
     “Deyilənə görə Quba xanlığında qədim və canlı tarix yaşayır.  Bu, Xınalıq kəndi və kəndin sakinləridir ki, onlar  qubalıların və ləzgilərin, əslində isə özlərindən başqa heç kimin  başa düşmədikləri, bir sözlə, burada eşidilməyən bir dildə danışırlar”. 1840-cı ildə Dağıstanda səyahətdə olmuş görkəmli rus şərqşünası İ.N.Berezin xınalıqlılar haqqında bu sözləri heyrətlə demişdi.
     Tarixçilər xınalıqlıları Qafqaz Albaniyasının 26 tayfasından biri hesab edirlər. Onlar Xınalıq kəndinin tarixinin təxminən 5 min il olduğunu ehtimal edirlər. V.Leqkobıtov xınalıqlıların əksəriyyətinin “sarışın saçlı, ala və mavi gözlü” olduqlarını xüsusi qeyd etmişdir.
     Xınalıqlıların əcdadları barədə ilk məlumatları antik dövr tarixçiləri vermişlər. Alban tarixçisi Movses Kaqankatvatsinin “Ağvan tarixi” əsərində Albaniyanın şimal-qərbində yerləşən Xeni adlı bir əyalətin adı çəkilir. Tədqiqatçılar Xınalıq kəndinin adının  həmin əyalətlə bağlı olduğunu fərz  edirlər.
     Xınalıq toponiminin ilk dəfə işlənməsi XIII əsrə aid olub, ərəb coğrafiyaçısı və səyyahı Yaqut İbn Abdullah ər-Rumi əl-Həməvinin adı ilə bağlıdır. O, özünün “Mucəm əl-buldan” (“Ölkələrin əlifba sırası ilə siyahısı”) əsərində kəndin adını Xunaluk kimi göstərmişdir. Alimlərin fikrincə bu toponimdən etnosun adı - “xınalıqlı” təşəkkül tapıb.
“Xınalıq” yer adı kimi təxminən XIX əsrin 50-60-cı illərindən sonra işlənir. Yerli camaatın dediyinə görə kəndə Xınalıq adı onun qarşısında ucalan dağın günəş şüaları altında xınayı rəng almasına uyğun olaraq verilmişdir. 
     Xınalıqlılar özlərini qədim dövrlərdən bəri “Ketş/Katiş xalqı”, dillərini  “Ketiş/Katiş dili, öz kəndlərini isə “Ketiş” adlandırırlar. Xınalıq dilində “ketiş” müqəddəs mənasını verir. Burada çoxlu pirlərin, müqəddəs ocaqların mövcud olması bu fikrə sübutdur. Burada orta əsrlərə aid Atəşgah, Xıdır Nəbinin məzarı, Abu Müslüm, Şeyx Şalbuz məscidləri varI.
     Bəzi tarixi mənbələrdə göstərildiyi kimi, erkən orta əsrlərdə Xınalıq mahal mərkəzi, kiçik şəhər kimi mövcud olmuşdur. XII əsrin məşhur fakih və hafizlərindən olan Hakim əl-Xunlukinin adı bu kəndlə bağlıdır. Qədim məxəzlərdə göstərildiyi kimi,  Xınalıq VII-X əsrlərdə mədəni mərkəz olmuş, orada bir çox alımlər yaşamışdır.
XIV əsrin sonu – XV əsrin əvvəlllərində Xınalığın idarə olunması Şeyx İbrahimin fərmanı ilə Qaytaq usmisinin oğlu Məhəmməd bəyə həvalə edilmişdir.
     Quba xanlığı dövründə Xınalıq buranın on mahalından biri olmuşdur. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Xınalıq azad kənd icması Şirvan xanlığının  tərkibində olmuşdur. Digər mahalların əhalisindən fərqli olaraq Xı­nalıq kənd icması vergidən azad idi. Bir tarixi mə­lumatda deyildiyi kimi, xınalıqlılar hətta xan­dan bəxşişlər də alırdılar. Buranın əhalisi yal­nız hərbi mükəlləfiyyətdən yayına bilməzdi. 
     İ.Q.Qerberin məlumatına görə, XVIII əs­rin əvvəllərində xınalıqlıların Rustau  qə­za­sında, daha doğrusu tat kən­di Rustov yaxınlığında öz tor­paqları var idi, “qışda qardan qo­runmaq üçün öz mal-qarasını buraya sürürdülər”(Volkova N.Q. Xı­na­lıq. Kavkazskiy etnoqra­fiçeskiy sbornik. M. Nauka, 1980, s. 7).
     XVIII əsrin ikinci yarısında Qafqazda səyahətdə olan İ.A.Qildenştedt Xınalıq, Buduğ və Qrız kəndlərini Krişbudax adı altında birləşdirmiş, lakin səhvən onları tərəkəmə kəndləri adlandırmışdı. (İ.A.Qildenştedt. Puteşestviye po Kavkazu v 1770-1773 qq. SPb. Peterburqskoye vostokovedeniye, 2002, s. 410).
     1930-cu ilin avqustun 8-dən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 1959-cu ilin dekabrın 4-dən Quba rayonunun tabeliyinə verilmişdir. Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetli­yinin mərkəzi olmuşdur. 1999-cu ildə Xınalıq bələdiyyəsi yaradılmışdır. Onun tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir.
     Böyük Vətən müharibəsindən sonra xı­nalıqlıların bir hissəsi Qubanın aran ərazisində - Vladimirovka, Alekseyevka, Nə­rımanovka və Hacıqayıb kəndlərində məskunlaşmışdır.
     XVIII əsrdən bu günə kimi xınalıq dili dilçi alimlərin müzakirə obyekti olaraq qalmaqdadır. Qafqaz statistika komitəsinin 1859-1864-cü illərin məlumatları əsasında tərtib etdiyi sənədlərdə deyilir ki,  xınalıqlılar  “ətraf sakinlərdən heç kəsin başa düşmədiyi xüsusi dildə danışırlar”. (Spiski naselyonnıx mest Ros­siyskoy imperii. Po Kavkazskomu krayu. T. LXV. Bakinskaya quberniya. Tiflis, 1870, s. 93-94)
     XVIII-XIX əsrlərin məşhur alimləri İ.Q.Qerber, P.Q.Butkov, S.Bronevski, R.Erkert xınalıq dilini ləzgi dil qrupuna aid etmişlər. XIX əsrin bəzi tədqiqatçıları onu müstəqil dil kimi qələmə vermişlər. İlk dəfə bu mülahizəni Gürcüstanda hərbi xidmətdə olmuş V.Leqkobıtov irəli sürmüşdür. O, 1836-cı ildə yazmışdır: “Xınalıqlıların  Bakıda, Qubada və Ləzgi dağlıları tərəfindən başa düşülməyən xüsusi dilləri vardır.” (N.Q.Volkova. Xınalıq. Kavkazskiy etnoqrafiçeskiy sbornik. M.,1980, c 7, s. 37).
     XIX əsrin məşhur tarixçisi A.Bakıxanov “Gülüstan-i-İrəm” əsərində Xınalıqdan bəhs edərkən onun əhalisinin Zaqafqaziyanın bü­tün qəbilələrindən fərqli dilə malik olduğunu qeyd etmişdir. Tarixçi-iqtisadçı Y.A.Qaqe­mey­ster 1850-ci ildə Zaqafqaziya haqqında mə­qalələrindən birində Xınalıq əhalisinin özü­nəməxsus, “ətrafdakılara məlum olmayan” di­linin olduğunu yazmışdır. (Qaqemeyster Y.A. Topoqrafiçeskiy oçerk şesti uyezdov Prikaspiyskoqo kraya. Kubinskiy uyezd// Kav­kaz.1850. № 60. s. 239.)
     Xınalıqlıların nax-dağıstan dilləri ailəsinin ayrıca şaxəsi olduğunu iddia edənlər, bu dilin buduğ və qrız dilləri ilə birlikdə “Şahdağ xalqları” qrupunu əmələ gətirdiyində israrlı olanlar da var. XVIII əsrdə İ.Qerber  Şahdağ xalqlarından yazarkən  onların dilinin ləzgi dili olduğunu qeyd edirdi. 1926-cı ildə Xınalıqda olmuş A.N.Qenko xınalıq dili ilə udin dilinin yaxınlığı fərziyyəsini irəli sürdü.  
     Məşhur ləzgi dilşünası B.B.Talibov isə tədqiqatlarından birində yazmışdır: ”Xınalıq dili ləzgi dil qrupunun dillərindən bi­ri kimi min il əvvəl öz əsas dilindən ay­rılaraq, qohum dillərlə əlaqədə ol­madan, müstəqil inkişaf etmişdir və mövcud dillər qrupunda xüsu­si yer tutur”. Sübut olaraq alim xınalıq və ləzgi dil qrupuna aid kök sözlərin ümumiliyini və fonetik uyğunluqlarını misal göstərmişdir. B.K.Qiqineyşvili və N.S.Trubetskoy da xınalıq dilini ləzgi dil qrupuna aid et­mişlər. 
     Xınalıq dilinin elmi cəhətdən öyrənilməsində Y.D.Deşeriyevin böyük xidmətləri olmuşdur. O, 1950-1954-cü illərin yay aylarında bu kənddə tədqiqatlar aparmış, onların əsasında 1959-cu ildə Moskvada “Xınalıq dilinin qrammatikası” kitabını nəşr etdirmişdir.  222 səhifəlik həmin monoqrafiyada xınalıq dilinin fonetikası, morfologiyası, sintaksisi və leksikasının bir sıra məsələləri tədqiq olunmuşdur. Xınalıq dilinin genetik cəhətdən iber-qafqaz dillərinə aid olduğunu qeyd edən alim bu dildəki səsləri verməkdən ötrü ləzgi əlifbasından istifadə etmişdir. 
     Ümumiyyətlə, P.K Uslar, N.Y.Marr, N.S. Trubetskoy, Q.A.Klimov başda olmaqla əksər məşhur dilçi alimlər xınalıq dilinin genetik cəhətdən ləzgi dilinə yaxın olduğunu bildirmiş və sübut üçün bu dillərin leksik fondunda yüzlərlə sözlərin eyni mənada işləndiyini misal gətirmişlər. Müasir dilçilik elmində də xınalıq dilinin ləzgi dil qrupuna aid olduğu göstərilir. Alimlərin qeyd etdikləri kimi, xınalıq dili leksikasının xeyli hissəsi ləzgi və Dağıstan dil­ləri zəminində formalaşıb. Buna qohumluqla, bədənin orqanları ilə, heyvan və bitki aləmi ilə, qida ilə bağlı terminləri, sayları, əvəzlik­ləri, bir çox sifətləri, feilləri və zərfləri misal göstərmək olar.
     Ləzgi dilçi alimlərindən B.B.Talibov, K.R.Kərimov, F.A.Qəniyeva və başqalarının xınalıq dilinin tədqiqi sahəsində maraqlı elmi işləri var. Görkəmli alim F.A.Qəniyeva 1970-1980-ci illərdə Xınalıq əhalisindən topladığı zəngin dil materialı və folklor nümunələri əsasında “Xınalıqca-rusca lüğət” tərtib etmişdir. 2002-ci ildə Mahaçqalada çap olunmuş, 8 min sözdən ibarət həmin lüğətdə yerli xalqın geniş istifadə etdiyi ibarələr, atalar söz­ləri, həmçinin bir sıra mikrotoponimlər və antroponimlər də  öz əksini tapmışdır. Alimin Mahaçqalada çap olunmuş “Xınalıq dilinin sahə leksikası” kitabı dilçilik elminə böyük töhfədir.
     Xınalıq dili yazısız dil hesab olunur. 1991-ci ildə Bakıda kiril qrafikası ilə “ХIикмаьти чаьлаьнг» kitabı çap olunmuşdur. 2007-ci ildə latın qrafikası əsasında bu dildə əlifba yaradılmışdır. Bir vaxtlar ləzgi, qrız və buduğ dillərinin leksik və fonetik təsiri duyulan xınalıq dilində hazırda azərbaycan dilinin böyük təsiri hiss olunur. Ümumiyyətlə, xınalıqlılar azərbaycan dilini mükəmməl bilmələri ilə seçilirlər.
     2006-cı ildə Xınalığa asfalt yolun çəkilməsi ilə kəndin həyatında canlanma əmələ gəlmişdir. Hazırda burada 360 şəxsi təsərrüfat var. Son illər tikilib istifadəyə verilmiş müasir tipli 340 yerlik məktəbdə 305 şagird təhsil alır. İnternat tipli bu məktəbin yataqxanasında qonşu Cek, Qalayxudat, Əlik, Haput, Zeyid kəndlərindən  60 şağird qalır. Öz stadionu, kompüter zalı, idman zalı , tibb kabineti olan bu məktəbdə təhsilin səviyyəsini bir misalla göstərmək olar: keçən il buranın məzunlarından 9 nəfər universitetlərə, 3 nəfər isə kollec­lərə daxil olub.  İlk dəfə bu məktəbin yetirməsi olan qız – Aynurə Qəribova Azərbaycan Dillər Universitetinə daxil olub. Bu barədə direktor Yunis Dəmirov bizə fəxrlə məlumat verdi. 
     Xınalıqlılar imanlı olmaları ilə tanınırlar. Kəndin ən uca yerində inşa olunmuş qədim Abu müslüm məscidində olarkən oranın axundu Qəmbər Eldarov bizə dedi ki, bayram günlərində məsciddə 100-dən çox adam namaz qılır. 
     1926 -cı ilin Ümumittifaq siyahıyaalmasına görə Xınalıqda 105 xınalıqlı yaşayırdı. 2009-cu ilin hesabatına görə bu rəqəm 2 200 olmuşdur. Hazırda xınalıqlıların sayı 3000 nəfərdir.
     Kəndin uca bir yerində kiçik qalaya oxşar yaraşıqlı bir bina ucalır. Xınalıq tarix-etnoqrafiya muzeyi həmin binada yerləşir. Buradakı eksponatların zənginliyi, içəridəki səliqə-sahman diqqət çəkir. Bu muzey əslən xınalıqlı olan, hazırda Quba şəhərində yaşayan Xəlilrəhman Cabbarov tərəfindən yaradılıb. O, binanı  dövlətin dəstəyi və öz vəsaiti ilə ucaldıb, buradakı eks­ponatları da özü bircə-bircə toplayıb. Ona xeyirxah niyyətini həyata keçirməkdə kənd əhalisi də kömək edib. X.Cabbarovun tapşırığı ilə onun bacısı oğlu,  buradakı Xınalıq dövlət memarlıq və etnoqrafiya qoruğunun işçisi Natiq Cəfərov muzeyə nəzarət edir. 
     Kənd camaatının əsas məşğuliyyəti heyvandarlıqdır. Qədim zamanlardan onlar yay aylarında Şahdağ yaylaqlarında, qışda isə arandakı qışlaqlarda köçəri həyat sürürlər. Lakin dağ terraslarında arpa, çovdar, mərcimək də yetişdirirlər. 1930-cu iıdən etibarən burada kələm və kartof da əkilir. Qadınlar yun şalların və corabların toxunması ilə məşğul olurlar.  Evləri isitmək üçün saman qarışdırılmış təzəkdən geniş istifadə olunur.
     Xınalıqlılar ana dilində şeirlər yazmış,  xınalıq dili müəllimi, mərhum şair Rəhim Al­xasla fəxr edirlər. Onun yolunu hazırda Namik Xınalıqlı davam etdirir.
Kəndin bütün ərazisi Şahdağ Milli Parkına dazildir. YUNESKO-nun tarixi abidələr siyahısına daxil edilmiş Xınalığın Azərbaycan Prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə qoruq elan olunması kəndə gələn turistlərin sayını artırıb. Bu isə belə deməyə əsas verir ki, xınalıqlıların yaxından məşğul olduqları daha bir sahə - turizm inkişaf etməkdədir. 
 
 
Sədaqət KƏRİMOVA

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Сувариз элкъвена КIелдайбурун мярекат Чун гьикI муьтIуьгъарзавай? ЦIийи жуьредин махар
Статьи из этой рубрики
Udilər Ləzgilər Buduqlar Arçilər AĞULLAR
ЦIИЙИ ТИЛИТ
№: 7(352)
октябрь, 2021

Скачать PDF

РУБРИКИ
Шаирар
"Самур" - 30
Люди и судьбы
Yubiley
Чи къагьриманар
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Müsahibə
Dünya ləzgiləri
Яран сувар
Diqqət: İnsan taleyi!
İnam və iman
Спасём планету
Qarabağ müharibəsi
Редакциядин дустар
Редактордин гаф
Дагъустан
Диктант
Чи кьегьалар
Чи классикар
"Самур" - 20
Мах
И чил хайи диге я
Жеч гьа!..
Dağıstan xalqları
ЦIийи ктабар
Milli Məclisə məktub
Языки мира
Марагълу инсанар
Redaksiyaya məktub
Лезги чIалан месэлаяр
Известные лезгины
Новости Россотрудничества
Добрые вести
Квез чидани?
Юбилей
Лезгияр вирина
SOS!!!
Известные лезгиноведы
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Чи хуьрер
Новости на все голоса
Известные кавказоведы
Хъсан хабарар
Чи адетар
Yeniliklər
Алимрин веревирдер
Чакай кхьенай ...
Чешне къачу!
Çıxışlarımızın əks-sədası
Ша, лезги чIалал рахан!
Эпитафия
Барка
Хабарар
Харусенят
Поэзия
Этнография
Тарихдин геле аваз
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Дайджест
Чи сейлибур
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ