Ceklər
Dağıstan xalqları  |  5(331) 2019      
     Azərbaycan Respublikasının şimalında, Böyük Qafqaz sıra dağlarının ətəklərində, dəniz sə­viyyəsindən 2000 metr yüksəklikdə, təbiətin sərt qoynunda  əsrlər boyu  öz etnik xüsusiyyətlərini, dillərini, adət-ənənələrini  qoruyub saxlayan bir sıra xalqlar yaşayır. Quba rayonunun Əlik, Buduq, Cek,  Haput,  Qrız,  və Xınalıq kəndlərində məskən salan və müvafiq olaraq həmin kəndlərin adları ilə adlandırılan , ləzgi dil qrupuna daxil olan bu xalqları bəzi alimlər Şahdağ qrupu xalqları kimi səciyyələndirirlər.  Qafqaz Albaniyasının varislərindən sayılan bu xalqların dilləri  dünya linqvistlərinin maraqlı tədqiqatlarının obyektidir. 
     Onların aracında ceklərin özünəməxsus yeri var. Bu xalqın tarixi vətəni sayılan Cek kəndinə,  Quba şəhərindən 35 kilometr cənub-qərbdə,   Qudyalçayın sahilində, təbiətin əsrarəngiz qoynunda  yerləşən  gözəl məkana yolum bu ilin may ayının əvvəllərində düşdü . Şahdağın yamaclarında, alp çəmənliklərinin qoynunda, Qrız, Əlik, Yergüc və Qalayxudat kəndlərinin əhatəsində  yerləşən bu kəndin ərazisində çiçək açmamış bircə qarış yer tapmadım.  Füsunkar  mənzərələr məni heyran etdi.
     Tarixi mənbələrdə göstərildiyi kimi, orta əsrlərdə bu ərazi Şamaxı xanlığının, XVIII əsrin sonlarından isə Quba xanlığının tərkibində olmuşdur. XIX əsrin əvvəllərində Rusiya imperiyasının təbəəliyinə keçən Cek əhalisi  çətin güzəran, ağır həyat şəraiti ucbatından dağdan arana köçmək məcburiyyəti qarşısında qalmışdır. Oktyabr inqilabından sonra bu hərəkat daha da geniş vüsət almışdır. 
     Şahdağ xalqları haqqında ilk yazılı məlumatlar alman mənşəli rus zabiti,  1722-1723-ci illərdə I Pyotrun  İran yürüşündə iştirak etmiş İ.Gerberə məxsusdur. XIX əsrin ortalarında isə  məşhur rus etnoqrafı N.K.Zeydlits tərəfindən bu xalqlar haqqında bir sira etnoqrafik materiallar toplanaraq çap olunmuşdur. 
     XIX  əsrin 80-ci illərinə aid bir məlumatda ceklərin sayının 1277 nəfər olduğu qeyd edilmişdir. 1926-cı ilin Ümumittifaq siyahiya alınmasına görə  Quba qəzasında 607 nəfər cekli qeydə alınmışdır. Halbuki qəzada cek dilini ana dili hesab edənlərin sayı qat-qat çox idi. Məlumatlardan birində qeyd olunduğu kimi, həmin il Cek kəndindən kənarda 764 nəfər Quba qəzasının Əniğ  dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 492 nəfər Xaşmaz dairəsində, 652 nəfər Xudat dairəsində, 1 nəfər isə Qusar dairəsində yaşayırdı. Bundan başqa həmin il Nuxa qəzasının Vartaşen dairəsində də 590 cek qeydə alınmışdır.
     XIX əsrin sonlarında,  XX əsrin əvvəllərində nəşr olunmuş F.A.Brokqauzun və İ.A. Efronun ensiklopedik lüğətində ceklərin xınalıqlılar, qrızlar və haputlarla birlikdə Quba qəzasında məskunlaşmış xalqlardan olduğu ğöstərilir. Rəsmi məlumatlara görə ceklər həmin dörd xalq arasında ən çoxsaylı hesab olunurdu və qəza əhalisinin 4,2 faizini təşkil edirdi. Lakin bu, yanlış məlumat idi. O dövrün bəzi tədqiqatçıları qrızları  və buduqları da cek kimi qələmə verərək, onların sayını çox göstərmişdilər. XIX əsrin sonlarına aid bəzi mənbələrdə ceklərin buduqlarla birlikdə Quba qəzasından başqa Nuxa, Ərəş və Göyçay qəzalarında da yaşadığı göstərilib.Bu qəzalarda ceklərin sayının 2027 nəfər, Quba qəzasında 4899 nəfər olduğu qeyd edilib.(Сборник сведений о Кавказе, т.VII. Тифлис, 1880.,с.24).
     N.K.Zeydlitsin 1873-cü ildə verdiyi məlumata görə o vaxt Cek kəndində 309 ev var idi və burada 1100 kişi, 1061 qadın yaşayırdı. 1886-cı ilin statistika məlumatında  Cek kəndində 7403 nəfərin yaşadığı göstərilib. Azərbaycan tarixçisi Məhəmmədhəsən Vəlili Oktyabr inqilabınadək cek­lərin sayının 5 min nəfər olduğunu qeyd edib (Məhəmmədhəsən Vəlili. Azərbaycan. Bakı, 1993, səh 29).
     Bəzi müəlliflər  cek dilini Qafqaz dillərinin Şərqi-Dağıstan qrupuna aid edirlər. Cek­lərin, qrızların və buduqluların ləzgi dilinin şivələrində danışdıqlarını ehtimal edən tədqiqatçılar da az deyil. Cek dilini qrız dilinin dialekti hesab edənlər də var. 
     Alman etnoqrafı R.Erkert Qafqaz dillərinin müqayisəli sözlüyündə  ilk dəfə olaraq cek dilini qrız dilinin dialekti kimi tədqiq etmiş, 335 cek sözünü və 60 ifadəni misal gətirərək, bu dilin qrammatik xarakteristikasını vermişdir. Dağıstan etnoqrafı V.Q.Hacıyev  cek dilinə ikili yanaşma  olduğunu qeyd edir. O, bir sıra dilçilərin cek dilini qrız dilinin dia­lekti kimi qəbul etdiklərini, digərlərinin isə onun müstəqil dil olduğunu iddia etdiklərini yazır. Filologiya elmləri doktoru Şəmsəddin Sədiyev Quba rayonunun Qrız, Haput, Cek və Əlik kəndlərinin əhalisinin qrız dilində danışdığını qeyd etmişdir.
     Hələ 1930-cu ildə məşhur qafqazşünas  N.Marr cek dilinin müstəqil dil olduğunu yazmış, onun nax-dağıstan dillərinin ləzgi qrupuna aid olduğunu qeyd etmişdir.  N.Marr özünün “Yafət dilləri” məqaləsində  Şimali Qafqaz dillərinin Şərqi Dağıstan  qolu olan ləzgi dillərindən bəhs edərkən oraya aşağıdakı 12 dili aid etmişdir: küre (ləzgi), tabasaran, ağul, arçi, rutul və ya mıxad, saxur, xınalıq, cek, haput, buduq, qrız, udin (Большая советская энциклопедия. 1-е изд., т. 65. Москва: 1931. Том 46. С. 841).
Bir sıra tarixi mənbələrdə bu xalqın adı müxtəlif cür göstərilir: “ceklər”, “ceqlər”, “ceglər”. Onların nümayəndələri  hazırda  Qubanın digər kəndlərində, eləcə də Xaçmazda, Qusarda, Bakı və Sumqayıt şəhərlərində  məskunlaşmışlar.
     “Cek” toponiminin etimologiyası haqqında dəqiq məlumat yoxdur. Amma onun ləzgi və cek dillərindəki “çka”, “cika”  sözündən yaranıb  “yer”, “ərazi” mənalarını verdiyi ehtimal olunur. Bəzi ləzgi və Dağıstan tarixçiləri bu xalqın adının Qafqaz Albaniyasının ləzgi tayfalarından olan “чIекь» tayfasının adı ilə bağlı olduğunu qeyd edirlər. Cek dili yazısız dil olub, məişət səviyyəsində işlənir. 
     Şahdağ qrupuna daxil olan digər xalqlar kimi ceklər də əsrlər boyu köçəri həyat tərzi keçirmiş, heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olmuşlar. Burada qismən əkinçilik də yayılmışdır. Qadınların əsas məşğuliyyətlərindən biri toxuculuq  olmuşdur. Xalça, palaz, kilim, corab, şal toxuma sərt iqlim şəraitində yaşayan ceklər üçün az qala həyati əhəmiyyət kəsb etmişdir. Quba-Şirvan xalçaçılıq məktəbinin gözəl nümunələrindən olan, sorağı XIX əsrin əvvəllərinə gedib çıxan məşhur “Cek” xalça  çeşnisinin yaradıcıları ceklərdir. Maraqlıdır ki, ceklər ancaq onlara məxsus olan Mir-Xan domino oyununun da yaradıcılarıdır. Üç və ya dörd oyunçu arasında oynanılan Cek dominosu və ya Mir-Xan dominosu adlanan bu oyun ceklərin milli intellektual oyunudur.
     Kənd ərazisində çoxlu sayda  ziyarətgah var. Onlardan biri  atəşpərəstlik dövrünün yadigarı olan “Atəşgah” sayılır. Buradakı Abu Müslim məscidinin yaşının min ildən çox olduğu ehtimal edilir. Sovet hakimiy­yəti illərində taxıl anbarı kimi istifadə olunan həmin məscid binası 1988-ci ildə kənd ağsaqqalı Şıxəli Muradovun təşəbbüsü və kənd sakinlərinin köməyi ilə qismən bərpa edilmişdir. 
     2006-cı ilin oktyabrın 7-də uzunluğu 57 kilometr  olan Quba-Xınalıq avtomobil yolunun istifadəyə verilməsi ilə bu ərazidə yaşayan xalqların, o cümlədən ceklərin həyat şəraiti xeyli yaxşılaşmışdır. Сek kəndi hazırda Əlik, Haput, Qrız və  Qrızdəhnə kəndləri ilə birlikdə Əlik bələdiyyəsinin tərkibindədir.  Hazırda Cek kəndinin əhalisi 350 nəfərdir. Onlar öz ana dillərindən başqa ləzgi və Azərbaycan dillərində də sərbəst  danışırlar. 
 
 
Sədaqət KƏRİMOVA
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Шарвилиди эверда Лезги чIалан югъ Ləzgi musiqisi və poeziyası gecəsi Мураддив агакьрай
Статьи из этой рубрики
Udilər Ləzgilər Buduqlar Xınalıqlılar Arçilər
ЦIИЙИ ТИЛИТ
№: 7(352)
октябрь, 2021

Скачать PDF

РУБРИКИ
Шаирар
"Самур" - 30
Люди и судьбы
Yubiley
Чи къагьриманар
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Müsahibə
Dünya ləzgiləri
Яран сувар
Diqqət: İnsan taleyi!
İnam və iman
Спасём планету
Qarabağ müharibəsi
Редакциядин дустар
Редактордин гаф
Дагъустан
Диктант
Чи кьегьалар
Чи классикар
"Самур" - 20
Мах
И чил хайи диге я
Жеч гьа!..
Dağıstan xalqları
ЦIийи ктабар
Milli Məclisə məktub
Языки мира
Марагълу инсанар
Redaksiyaya məktub
Лезги чIалан месэлаяр
Известные лезгины
Новости Россотрудничества
Добрые вести
Квез чидани?
Юбилей
Лезгияр вирина
SOS!!!
Известные лезгиноведы
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Чи хуьрер
Новости на все голоса
Известные кавказоведы
Хъсан хабарар
Чи адетар
Yeniliklər
Алимрин веревирдер
Чакай кхьенай ...
Чешне къачу!
Çıxışlarımızın əks-sədası
Ша, лезги чIалал рахан!
Эпитафия
Барка
Хабарар
Харусенят
Поэзия
Этнография
Тарихдин геле аваз
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Дайджест
Чи сейлибур
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ