Tarixin izi ilə | 6(343) 2020


(Əvvəli qəzetimizin 10 iyul və 15 avqust 2020-ci il tarixli saylarında)
Mən Siz zati-alilərinə mövcud vəziyyəti, həqiqəti olduğu kimi çatdırmağı xidməti vəzifəm hesab edirəm. Son vaxtlar mənə çatan xəbərlərə görə Buba öz dəstəsi ilə onun doğma kəndi İkradan (sənədlərdə Kirinin adı rusca belə göstərilib - M.M) həbs etdiyimiz adamların qisasını çıxmaq üçün dairə idarəsinə hücum etmək, həbs olunanları buraxmaq, idarəni dağıtmaq istəyir. Mən bunun mümkünlüyünə şübhə edirəm. Ona görə ki, Bubanın ağlına və tədbirliliyinə inanıram. Bilirəm ki, bu iş ona uğur gətirməz.
Bu xəbərlərlə əlaqədar olaraq Qa-sımkənddə yerləşən süvari polkunun rəisindən tələb etdim ki, idarəni qorumaqdan ötrü mühafizəçilər ayırsın. Çünki dəfələrlə məlumat verdiyim kimi, Dağıstan milisinin atlıları qaçaqlara qarşı fəal əməliyyatlar aparmaqdan ötrü yararsızdır. Qaçaqlar poçtu, bizi, qulluqçuları mühafizə edən milis işçilərinə dəymirlər, çünki onlar öz yerliləridir və əhalinin rəğbətini qazanmaq üçün belə edirlər. Əlbəttə, onlar tərəfdən belə rəhmdillik halları hakimiyyət üçün alçaldıcı və təhqiredicidir. Elə hallar olur ki, qaçaqlar atlı milis işçiləri ilə rastlaşanda göyə atəş açaraq, onları xəbərdar edirlər. Atlılar da cavab atəşi açmadan gizlicə aradan çıxırlar.
Əgər süvari polku göndərsəniz, hakimiyyətə qar-şı inam yarana bilər. Onun olmaması üzündən adamlar qaçaqların hakimiyyətdən qorxmadığını, onların gün-dən-günə qüvvətləndiyini, dəstələrinin artdığını, cə-sarətlə hərəkət etdiklərini görür və bu qüvvəyə rəğbət bəsləyir, kömək göstərirlər. Buba öz dəstəsi ilə artıq adi qaçaq deyil. O, açıqcasına hakimiyyətlə mübarizəyə girişir və heç nədən çəkinmədən xalqa hökumətdən qorxmadığını, dairə rəisini, Qafqaz canişinini tanımadığını bildirir. O, hər yerdə yoxsulları incitmədiyini, yalnız xalqı soyan varlıları cəzalandırdığını deyir. O, artıq xalqın daxili həyatına müdaxilə edir. Payızda o, qadınlara pul paylayaraq, onları Dərbəndə işə getməyə qoymayıb. Bu günlərdə o, sevmədiyi adama verilən gəlini geri qaytararaq, sevgilisinə qovuşdurub.
O, mahiranə hərəkət edir, çox səxavətli və əliaçıqdır. Öz uğurları ilə xalq arasında elə hörmət qazanıb ki, istədiyi anda dəstəsinə yüzlərlə adamı cəlb edə bilər. Onun çoxlu pul vəsaiti, silahı, patronları vardır. Bunları ona şəhərlərdən göndərirlər. O özü o qədər ağıllıdır ki, quruluşa zidd insanları səfərbər edərək silahlandıra bilir. Ona görə də dəstəsinə böyük axın var. İndi o qədər güclənib ki, əhalidə özünə qarşı elə rəğbət oyadıb ki, hamı ona itaət edir, ondan çəkinir. Ona daha da möhkəmlənməyə imkan versək necə olacaq?
Mənə həvalə olunmuş Küre dairəsi hazırda belə vəziyyətdədir. Burada ancaq böyük silahlı qüvvələrin hesabına əmin-amanlıq və qayda-qanun yaratmaq olar. Bu dəstələrin dağılmasından ötrü casuslara pul verib onların fəaliyyətinin təmin olunması və ayrı-ayrı adamların ələ alınması bir nəticə verməz. Çünki qaçaqlar çox güclüdür, hakimiyyətdən üz döndərən xalq ona dəstək verir. Ona görə də buraya təcili olaraq yüzlərlə kazak göndərmək, dairəni rayonlara ayırmaq, bu rayonların ayrı-ayrılıqda kazakların nəzarətinə keçməsinə nail olmaq lazımdır.
Soyuq qış günlərində kəndlərdə gecələyən qaçaqları məhv edə bilməsək də, heç olmazsa onların dəstələrini bu yerlərdən uzaqlaşdıra bilərik. Əgər indi bunu etməsək, yazda bizə daha çox silahlı qüvvələr lazım olacaq. Çünki o vaxt balıq vətəgələri işə düşəcək və burada çalışan narazı adamların hesabına qaçaq dəstələrinin sayı artacaq. Biz isə tapşırılmış vəzifəni yerinə yetirə bilməyəcəyik. Hərhalda Dairəni nə indi, nə də yazda gücləndirilmiş hərbi hissələrsiz qoymaq olmaz. (Акты, собранные Кавказской археографической комиссией (АКАК), фонд 2, опись 4, дело 3, лист 2-6).
Sənəddən göründüyü kimi, ləzgi qaçaqları nə yolkəsən olublar, nə də soyğunçu. Onlar rəhmdillik, ədalətlilik kimi yüksək keyfiyyətlərə malik idilər. Nahaq yerə düşmən qanını belə axıtmaq istəməyiblər. Yalnız xalqı incidən varlıların və məmurların dərsini veriblər, onların varidatını kasıblara paylayıblar. Rus zabitinin Bubanın “ağıllı, tədbirli, səxavətli və əliaçıq” olmasını, “xalq arasında hörmət qazanması”nı, yalnız “quruluşa zidd insanları səfərbər edib silahlandırması”nı xüsusilə qeyd etməsi təsadüfi deyildi. Bu xüsusiyyətlər bütün ləzgi qaçaqlarına xas idi və ona görə də çar məmurları istər-istəməz həqiqəti etiraf etmək məcburiyyətində qalmışdılar.
Hətta on üç il ötəndən sonra ağ-qvardiyaçılar da belə bir etiraf etmişdilər. Küre dairəsinin o vaxtkı rəisi polkovnik Yumaşevin 1919-cu ilin iyulun 20-də general Denikinə göndərdiyi raportda deyilirdi: “Bizə qarşı mübarizəyə qalxmış əhalinin önündə gedənlər yaxşı döyüş qabiliyyətinə malik qaçaqlardır. Onlar kəndlilər arasında böyük nüfuza malikdir. Bir neçə kəndin əhalisini səfərbər edib silahlandırıblar. Qaçaq dəstələrinə qarşı döyüşmək əsgərlərimiz üçün çox çətindir. Xalq onları qəhrəman kimi tanıyır”.
Onlar qəhrəman idi
Ağqvardiyaçı zabitin etiraf etdiyi kimi, hər yerdə əhalinin mənafeyini, haqqı və ədaləti müdafiə edən ləzgi qaçaqları əsl xalq qəhrəmanları idi. Bir neçə il əvvəl məşhur ləzgi alimi, fəlsəfə elmləri doktoru, professor M.Vahabov haqlı olaraq yazmışdı: “Ləzgi xalqının tarixindəki qəhrəmanlarla müqayisədə Кири Буба və onun qaçaq dəstəsi haqqında bizə daha çox qəhrəmanlıq mahnıları, xatirələr və rəvayətlər çatıb... Dərbənd və Bakı dövlətliləri igid qaçaqların hərəkətlərini quldurluq, özlərini quldur adlandırırdılar. Zəhmətkeş xalq isə Bubanın və digər qaçaqların fəaliyyətini obyektiv qiymətləndirərək onları haqq və ədalət uğrunda mübarizlər, yoxsulların müdafiəçisi hesab edirdi”. (Bax: Газета «Комсомолец Дагестана», 22 февраля 1994 г.)
Eynilə bir çox qəhrəmanlıq mahnıları və rəvayətlər qurahlı Xanməhəmməd, cağarlı Girey, avaranlı Abdulmanaf və başqaları haqqında qoşulub. 1992-ci ildə Dağıstanın Qurah rayonundan topladığımız folklor materialları arasında Xanməhəmməd haqqında 30-dək qəhrəmanlıq mahnısı, 4 xatirə və 7 rəvayət vardır.
Qaçaq Xanməhəmməd təkcə Küre dairəsinin deyil, həmçinin Quba qəzası yoxsullarının da köməyinə çatırdı. Onun 30 nəfərlik dəstəsi müxtəlif döyüşlər zamanı 100-dən çox kazakı və çar əsgərini öldürmüş, təkcə indiki Qurah rayonu ərazisində çar məmurlarını mülkləri əllərindən alınmış 60-dan çox kəndlinin torpaqlarını qaytarmağa məcbur etmişdi. O, bir neçə dəfə Quba qəzasının Yasab, Hil və Köhnə Xudat kəndləri əhalisinin müdafiəsinə qalxmış, xəzinə torpaqlarına qatılmış mülklərin onlara qaytarılmasına kömək göstərmişdi.
İgid qaçağı ələ keçirmək üçün Küre dairəsinin və Quba qəzasının rəisləri birgə plan qurmuşdular. Onların pulla ələ aldıqları bir xain Xanməhəmmədin 20 qaçaqla Hil kəndinə gələcəyini xəbər vermişdi. Kəndə çatmağa az qalmış 200 kazak onları mühasirəyə alır. Xanməhəmməd təkbaşına döyüşə atılmağı, yoldaşlarına geri qayıtmaq üçün imkan yaratmağı qərara alır. Lakin qaçaqlar buna razılıq vermir və axıradək döyüşürlər.
İki günlük döyüşlərdə 90-dan çox kazakı qıran qaçaqların hamısı həlak olur. Ağır yaralanmış Xan-məhəmməd qonşu kəndlərdəki silahdaşlarını sə-fərbər etmək üçün gecə ilə Gədəzeyxür kəndinə gəlir. Taqətdən düşdüyü üçün elə birinci evin yanında atdan düşüb qapını döyür. Qoca anası ilə yaşayan bir qız qapını açanda qaçaq yerə yıxılır. Qadınlar onu evə aparıb yaralarını sarıyırlar. Məsələdən agah olanda Xanməhəmmədi gizlədib atını qovurlar. Lakin vəfalı heyvan sahibinin olduğu evdən əl çəkmir. Ertəsi gün kəndə gələn kazaklar Xanməhəmmədin burada olduğunu başa düşür. Onlaq qəfil evə soxulanda qaçaq iki kazakı öldürür və ələ keçməsin deyə xəncəri öz sinəsinə sancır. Bundan bərk qəzəblənən kazaklar süngülərlə onun cəsədini deşik-deşik edir və həyətdəki ağacdan asırlar. Bu vəhşiliyi görən qız qaçıb kənd camaatını köməyə çağırır. Əhalinin qəzəbindən qorxan kazaklar qarını da süngüdən keçirib aradan çıxırlar. O vaxt qızın ağlaya-ağlaya qoşduğu misralar bu gün də xalqın yaddaşında qalıb. Həmin misraların ləzgicədən tərcüməsi belədir:
İgid qaçaq Xanməhəmməd,
Düşmən səni necə tapdı?
Nər cəsədin asılanda
Ürəyimdən nalə qopdu.
Od qoyurdun zalımlara,
Sən bu xalqın dayağıydın.
Qurah, Quba ellərinin
Cəsur, hünərli dağıydın.
Deyilənlərə görə, dəhşətli hadisənin şahidi olmuş qız sonradan havalanmışdı. Gədəzeyxürlülər isə silahlanaraq Köhnə Xudat dəstəsinin köməyi ilə kazakları Qubaya kimi qovmuşdu. Döyüş meydanından qaçan vəhşilər 40-dan çox silahdaşlarını itirmişdilər.
Müzəffər MƏLİKMƏMMƏDOV
(Ardı var)
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий