Arçilər
Dağıstan xalqları  |  7(344) 2020      
    Əsrlər boyu ətraf mühitdən təcrid olunmuş halda yaşayıb, özünəməxsus dilini, mədəniyyətini, adət və ənənələrini qoruyub saxlamış xalqlardan biri də arçilərdir. Bir sıra alimlərin ehtimalına görə Dağıstanın qədim və köklü xalqlarından olan arçilərin əjdadları Qafqaz Albaniyası çoxtayfalı dövlət birliyinə daxil olan və “leqlər”, “albanlar” adlandırılan xalqlardan biri olmuşdur. Özlərini “arşişttib” və ya “arşişdib” adlandıran bu etnos Dağıstanın Xatar çayı  hövzəsində yerləşən Çarodi rayonunun Arçib, Alçinub, Kubatl, Xilix, Keserib, Xitab, Kalib kəndlərində məskunlaşmışdır. Paradoksal olan odur ki, bu xalqı dil yaxınlığı ləzgilərlə, etnik təfəkkürü avarlarla, mədəniyyəti avarlar və laklarla doğmalaşdırır. 
    “Arçi” etnonimi Arçib kəndinin adından əmələ gəlib. Ləzgilər və laklar onları “arçi”, avarlar “roçisal” və ya “arçisel” adlandırırlar. 
    Arçilərin yaşadıqları ərazidə aşkar olunan, üzərində rəmzlər olan qədim qəbirüstü daşlar burada hələ eramızdan əvvəl lll-ll əsrlərdə yaşayış olduğunu deməyə əsas verir.
    Arçilər islamın süni təriqətinə etiqad edirlər. Burada ərəbdilli kufi abidələrinin çoxluğu belə deməyə əsas verir ki, arçilər islam dinini X əsrdən gec olmayaraq qəbul etmişlər.
    Xalqın mənşəyi haqqında məlumatlar çox deyil. İlk dəfə onun adına Məhəmməd Rafinin tarixi xronikasında (XlV-XVl əsrlər) təsadüf olunur. XlX əsrdə arçilər əsasən laklarla ünsiyyətdə olublar. Bu da Arçibin Qazıqumux xanlığının tərkibində olması və Qazıqumux xanlarına ianə ödəmələri ilə əlaqədar idi.
Brokqauzun və Efronun ensiklopedik lü-ğətində 1886-cı ildə Qazıqumux dairəsində 802 arçinin yaşadığı qeyd olunur. 1899-cu ildə arçilər Dağıstan vilayətinin Qunib dairəsinə daxil olmuşlar.
    Qafqaz müharibəsinin tarixi hadisələri bu xalqdan da yan keçməmişdir. “Abşeron polkunun tarixi” kitabında (1892, səh 205) oxuyuruq: “1849-cu ilin iyulun 25-də general-adyutant Arqutinskinin qoşunları Arçi kəndinə yollandılar, burada gecələyib, ayın 25-də səhər tezdən kəndi yandırıb geriyə, Şali kəndinə doğru hərəkət etdilər. Şalinin başına da həmin hal-qəziyyə gətirildi, buranın taxıl zəmilərinin böyük hissəsi məhv edildi.”
    Arçilərin bizə gəlib çatmış yazılı abidələri arasında XlX əsrə aid dini traktat və şeirlər, o cümlədən arçilərin avar, lak və ərəb dillərində qələmə aldıqları bədii və dini əsərlər vardır. Bu xalqın görkəmli nümayəndələrindən biri Dağıstanda astronomiya məktəbinin əsasını qoymuş Kazakilavdır (XVlll əsr). O, həm də riyaziyyatçı, həkim, ərəb dilində qəsidələr müəllifi idi. Tanınmış arçilər arasında Cənubi Dağıstan ilahiyyatçısı, sufi şeyxi Məhəmməd ar-Ruçi (1885-1886), imam Şamilin alimlər şurasının üzvü olmuş Məhəmmədxan Məhəmmədxanov (1864), sufi alim, “Təriqətin həqiqi və yalançı davamçıları” traktatının mü-əllifi Mühyəddin ar-Ruçi (1887), məşhur nəqşbənd alim Şeyx Mamma Dibir və başqaları var.
    Arçiləri Dağıstanın di-gər xalqları XlX əsrdən başlayaraq yaxından tanımağa başlamışlar. İqtisadi cəhətdən Arçibdən 30 km aralıda yerləşən Qumux bazarından asılı olan arçilər satmaq üçün bura qoyun, mal-qara, qoyun pendiri, əridilmiş yağ, kürklər, palazlar, yun gətirir, əvəzində duz, qənd, kerosin, kişi paltarı, kişi uzunboğaz çəkmələri, qadın bəzək əşyaları alırdılar. Geniş bazar əlaqələri arçiləri lak dilini öyrənməyə məcbur edir.
    Coğrafi əraziləri avarlara yaxın olmasına baxmayaraq, arçilərin bu xalqla etnik və linqvistik bağlılığı yoxdur. Bu iki xalq arasında sosial əlaqələr XX əsrin 30-cu illərində yaranmışdır. 1929-cu ildə əsas əhalisi avarlar olan Çarodi rayonu yaradılmış və Arçib onun tərkibinə daxil edilmişdir. Burada avar dili tədris olunan rusdilli dünyəvi məktəb açılanda arçilər avar və rus dillərini öyrənmək məcburiyyəti qarşısında qalmışlar. Məhz həmin dövrdə arçilərin və and-sez dil qrupuna daxil olan daha 13 etnosun milliyyəti süni olaraq avar yazılımışdır.
    1926-cı ilin siyahıyaalmasına görə SSRİ-də arçilərin sayı 863 nəfər idi. 1959-cu ildən etibarən bu xalq avar kimi qeydiyyata götürülmüşdür. Hazırda arçilərin sayının 1200 nəfər olduğu göstərilir. 
    Yüksək dağlıq ərazidə yerləşən  Arçib alp və subalp çəmənlikləri ilə əhatə olunmuşdur. Bura sərt iqlimi, soyuq qışı və qısa yayı ilə seçilir. Arçilərin əsas məşğuliyyəti heyvandarlıqdır. Dəmyə taxıl yetişdirən arçilər bu məqsədlə dağ ətəklərindən və çay kənarlarından istifadə edirlər. XX əsrin əvvəllərinə kimi arçilərə ilin yalnız 3 ayında kənddə yaşamağa icazə verilirdi. Qalan aylarda onlar “duxxurum” adlandırdıqları qışlaq yerlərindəki xutor tipli tikililərdə yaşayırdılar. Sovet hökuməti qurulduqdan sonra, xüsusilə də kollektivləşmədən son-ra 30-cu illərdə Dağıstan hökumətinin qə-rarı ilə arçilərin yaylaq yerləri əllərindən alınaraq Qunib və Lak rayonlarına verilir. Arçilər öz qışlaq sahələrinə daimi yaşamaq üçün köçmək məcburiyyətində qalırlar. Tezliklə həmin ərazilərdə Kala, Latta, Qeser, Xilix, Alşuna, Qubaq kimi kəndlər yaranır. Kollektivləşmənin ağır şərtlərinə davam gətirməyən onlarca ailə Qunib rayonuna, eləcə də Qırğızıstana sürgün olunur. Müf-lisləşmiş onlarca ailə Dağıstanın Xiv və Qunib rayonlarına, Azərbaycana və Qırğızıstana pənah aparır. 1994-cü ildə Arçibdə 258 təsərrüfatdan yalnız 45-i qalır, kimsəsiz qalan evlərin çoxu dağılır.
    Arçilər arasında ovçuluq, arıçılıq, to-xuculuq, ağac üzərində oyma sənətləri geniş yayılmışdır. Dağıstanda tiftikli yun palazlar (батIи) yalnız arçilər tərəfindən toxunur. Burada ağacdan hazırlanan sandıqlara, beşiklərə, qab-qacağa, hətta əmək alətlərinə də naxış vurmaq dəbdir. 
    Arçi evləri daşdan tikilməklə, yastı damlı olub, bir, iki və ya üçmərtəbəlidir. Adətən birinci mərtəbə tövlə, ikinci mərtəbə qoyun ağılı, üçüncü mərtəbə isə yaşayış üçün nəzərdə tutulur. Evlərdə quru ot, alaf saxlamaq üçün ayrıca tikili də olur.
    Arçilərin ictimai həyatında kənd icması mühüm rol oynayıb. Ayrı-ayrı toxumların yaşlı və hörmətli nümayəndələrinin daxil olduğu icmaya camaatın seçdiyi ağsaqqal – bequ-lal rəhbərlik edib. Camaat tərəfindən həm də yerli hakim – qazı seçilib. Yaylaq və biçənəklərin ailələr arasında bölüşdürülməsi, ictimai binaların, yolların və körpülərin, qəbiristanlığın təmiri, məişət mübahisələrinin həlli ilə əsrlər boyu onlar məşğul olub.
    Arçilər Dağıstan xalqları arasında müasir həyata ən gec inteqrasiya etmiş xalq kimi tanınırlar. Kənddən təhsil almaq üçün gənclərin şəhərə üz tutduğu il 1950-ci il olsa da, arçilər ötən əsrin 70-ci illərinə kimi hələ də təcriddə yaşayırdılar. Dağıstanın digər bütün xalqları müasir paltarlara keçsələr də, arçilər öz milli geyimlərindən əl çəkməmişdilər. İndinin özündə də bu kənddə qadınlar başlarına çuxta və baş örpəyi örtür, uzun, düz şalvar geyinir, bellərini rəngli qayışla bağlayırlar. Kişilər isə qoyun dərisindən kürk geyinir, başlarına papaq qoyurlar.
    Burada indiyə kimi başqa kəndə qız verib qız almaq qəbahət sayılır. Qan qohumlarına qız verib almaq isə normal hal hesab olunur və bu adət indi də yaşamaqdadır.
Dağıstanın digər xalqlarında olduğu kimi, arçilərdə də xəmir xörəkləri, o cümlədən xəngəl üstünlük təşkil edir. 
    Arçi dili genetik cəhətdən Şimali Qafqaz ailəsinin nax-dağıstan qrupunun ləzgi qoluna aiddir. Lakin alimlərin qənaətinə görə arçi dili ləzgi dil qrupundan 3-4 min il əvvəl ayrılmışdır. Əvəzində arçilər coğrafi cəhətdən yaxın qonşuları olan avarlar və laklarla yaxınlaşmışlar. Bu xalqın nümayəndələri  avar, lak və rus dillərini yaxşı bilirlər.
Arçi dilinin necə yaranması barədə bu xalqın əfsanəsini böyük rus alimi və linqvisti P.K.Uslar özünün “Lak qrammatikası” kitabında belə xatırladır: “Allah xalqları və onların dillərini yaradanda, dillərin sayı xalqlardan az olur. Allah əksər xalqlara bir dil verir, lakin dünyanın ən çətin dilini götürməkdən bütün xalqlar boyun qaçırır. Nəticədə arçi dili arçi xalqına çatır.”
    Fonetik sisteminin zənginliyi ilə seçilən Dağıstan dilləri arasında da seçilən arçi dilinin fonoloji sistemi linqvistləri həmişə özünə cəlb edib. Dünyanın ən çətin dillərindən hesab olunan arçi dilində 81 fonem var, bu, rus dilindəkindən təxminən 2 dəfə çoxdur. Bu dildə 70 sait var və onların əksəriyyəti səslidir. 40 hal şəkilçisi, 10 feil forması mövcuddur. Bu dilin dialektləri yoxdur. Bu, yazısız dil hesab olunur.
    Arçi dili ən çox tədqiq olunmuş Dağıstan dillərindəndir. Bu sahə-də onlarca sanballı elmi kitablar işıq üzü görüb. Bu dilin öy-rənilməsinin əsasını P.K.Uslar qoymuşdur. O, akademik A.Şifnerə yazdığı məktubunda bu barədə söhbət açmışdır. (Услар.П.К. Письмо к А.Шифнеру в приложении к описании лакского языка ll Этнография Кавказа. Языкознание, lV, Тифлис, 1890).
    1895-ci ildə Erkert bir sıra arçi sözlərini çap etdirmişdir. Onun işini A.Dirr davam etdirmiş, bu mövzuya bir neçə məqalə həsr etmişdir. 1908-ci ildə o, bu dilin qrammatik xüsusiyyətlərini göstərən “Arçi dili” kitabını və arçi sözlərinin tərcüməsindən ibarət lüğət çap etdirmişdir.
    Sonralar K.Ş.Mikailov və A.E.Kibrikin rəhbərlik etdiyi bir qrup bu işlə məşğul olmuşdur. K.Ş.Mikailov 1967-ci ildə işıq üzü görən “Arçi dili” adlı tədqiqat əsərində bu dilin qrammatikası haqqında müfəssəl məlumat verir. 1977-ci ildə isə A.E.Kibrikin və daha üç müəllifin birgə ərsəyə gətirdikləri, dilin təsvirini verən 4 cildlik tədqiqat əsəri çap olunur. Bu, Rusiyanın azsaylı xalqlarının dillərini ətraflı təsvir edən və qrammatikası haqqında söhbət açılan ən iri həcmli tədqiqat əsəri sayılır.
    2000-ci illərdən etibarən arçi dilinin öyrənilməsinin yeni “rəqəmsal” dövrü baş-lanır. M.E.Çumakova Kibrik-Kodzasova-Samedov üçlüyünün  arçi lüğəti əsasında elektron lüğəti hazırlayır.
    Arçi dilinin öyrənilməsi bu gün də davam edir.
 
Sədaqət KƏRİMOVA

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Къарабагъдин женгер Санал кхьена Ürəklərdə yaşayacaq ЦIар амукьда
Статьи из этой рубрики
Udilər Ləzgilər Buduqlar Xınalıqlılar AĞULLAR
ЦIИЙИ ТИЛИТ
№: 7(352)
октябрь, 2021

Скачать PDF

РУБРИКИ
Шаирар
"Самур" - 30
Люди и судьбы
Yubiley
Чи къагьриманар
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Müsahibə
Dünya ləzgiləri
Яран сувар
Diqqət: İnsan taleyi!
İnam və iman
Спасём планету
Qarabağ müharibəsi
Редакциядин дустар
Редактордин гаф
Дагъустан
Диктант
Чи кьегьалар
Чи классикар
"Самур" - 20
Мах
И чил хайи диге я
Жеч гьа!..
Dağıstan xalqları
ЦIийи ктабар
Milli Məclisə məktub
Языки мира
Марагълу инсанар
Redaksiyaya məktub
Лезги чIалан месэлаяр
Известные лезгины
Новости Россотрудничества
Добрые вести
Квез чидани?
Юбилей
Лезгияр вирина
SOS!!!
Известные лезгиноведы
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Чи хуьрер
Новости на все голоса
Известные кавказоведы
Хъсан хабарар
Чи адетар
Yeniliklər
Алимрин веревирдер
Чакай кхьенай ...
Чешне къачу!
Çıxışlarımızın əks-sədası
Ша, лезги чIалал рахан!
Эпитафия
Барка
Хабарар
Харусенят
Поэзия
Этнография
Тарихдин геле аваз
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Дайджест
Чи сейлибур
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ