Поэзия | 5(350) 2021


Adlı-sanlı söz və saz ustası Aşıq Nüsrət həm Azərbaycanda, həm də Dağıstanda məşhur idi. Onun bir sıra şeirləri və mahnıları indi də xalqın dilindədir. Bu yaxınlarda Qusar rayonunun Bədişqala kəndində olarkən sənətkarın oğlu Çərkəz Mirzəbəyovun dilindən azərbaycanca iki şeir eşitdik. Onları Aşıq Nüsrət ölümündən bir az əvvəl qələmə alıbmış. Oxucular üçün maraqlı olacağını düşünüb şeirləri təqdim edirik.
Köçməli oldum
Aşıq Nüsrət, səni istəyən kimdir,
Bu mənim son sözüm, son nəfəsimdir,
O dünya məzarım, daş qəfəsimdir,
Boyuma bir kəfən biçməli oldum.
Bir tikə, bir para çörəkdən ötrü,
Ana vətənimdən köçməli oldum.
Bu qanlı həyatda gör nələr gördüm,
Zəhərli bardağı içməli oldum.
Kor oldu taleyim, baxışım mənim,
Əzəldən qaralıb naxışım mənim,
Axırda leysandır yağışım mənim,
Dərin dəryalara köçməli oldum.
Ağlasın
Cavan ömrüm hədər getdi dünyada,
Mənim bu halıma ellər ağlasın.
Dərdim artıq oldu, həddən ziyada,
Sədəfli sazımda tellər ağlasın.
Bar verməmiş baxça-bağım xar oldu,
Oylağımda tərlan oldu, sar oldu,
Gənc yaşımda dünya mənə dar oldu,
Ümmanlar kükrəsin, sellər ağlasın.
Məcnun kimi düşdüm dildən-dillərə,
Söz-söhbətim çatdı bütün ellərə.
Leylək olub qondum göldən-göllərə,
Küləklər ağlasın, yellər ağlasın.
Aşıq Nüsrət, ağla indi halına,
Hicran dağı zəhər qatdı balına,
Göz dikdilər dövlətinə, malına,
Bu dərdinə bizim ellər ağlasın.
"SAMUR"
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий